FEEL YOUR HEART BEAT!!! – ÜRƏYİNİN SƏSİNİ DUY!!!
2010-cu ildə Norveçin paytaxtı Osloda Almaniya təmsilçisi Lena Meyer “Satellite” mahnısı ilə Eurovision Song Contest (ESC) 2011-i Düsseldorfa gətirdi. 10 may 2011-ci il tarixdə ESC 2011-in ilk yarımfinalı, 12 mayda isə ikinci yarımfinalının keçirilməsi ilə finalda iştirak edəcək ölkələr və onların sms nömrəsi məlum oldu. Bu da həmin ölkələr və onların sms nömrələri (Azərbaycan Respublikası ərazisindən 19 nömrəsi istisna olmaqla bəyəndiyiniz ölkənin kodunu yazıb 9450 nömrəsinə qısa sms göndərməklə səs verə bilərsiniz. Bir sms-in qiyməti 0,60 AZN-dir):
1. Finlandiya
2. Bosniya və Hersoqovina
3. Danimarka
4. Litva
5. Macarıstan
6. İrlandiya
7. İsveç
8. Estoniya
9. Yunanıstan
10. Rusiya
11. Fransa
12. İtaliya
13. İsveçrə
14. Birləşmiş Krallıq
15. Moldova
16. Almaniya
17. Ruminiya
18. Avstriya
19. Azərbaycan
20. Sloveniya
21. İslandiya
22. İspaniya
23. Ukrayna
24. Serbia
25. Gürcüstan
Qeyd etmək yerinə düşər ki, bu ilki ESC bir çox xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir. İlk öncə keçən ilki qalibin yenidən iştirakçı kimi müsabiqəyə qatılması nəzərləri Almaniyaya yönəltdi. “Satellite”-la birinciliyi əldə edən Lena bu il də “Taken by a stranger”-lə birincilik iddiasındadır.
15 illik fasilədən sonra İtaliya şeytanın qıçını qırıb yenidən ESC-ə qayıtdı, özü də bir başa finala.
Bu ilki ESC-də 2 cüt əkiz var. Bunlardan biri Slovakiya təmsilçisi TWINS bacıları, digəri də İrlandiya təmsilçiləri Jedward qardaşlarıdır. Tanıtım video çarxlarını da nəzərə alsaq, Azərbaycanlı əkiz bacılarla əkiz cütlərinin sayı 3-ə çatır.
Bu il diqqəti cəlb edən məqamlardan biri də İsrail və Türkiyənin finala keçməməsi oldu. 1998-ci ildə “Diva” ilə birinci olan cinsi mənsubiyyəti dəyişik düşmüş Dana International Ding Dong mahnısı ilə İsraili finala çıxarda bilmədi.
Türkiyəli Yüksek Sadakat-ın “Live it up”ı nə qədər favorit olsa da, Eurovision sürprizləri sevir. Bu mahnı da finalda çıxış etmək hüququndan məhrum oldu. Digər bir tərəfdən bu müsbət hal ola bilər ki, ən azından Türkiyə milli seçimlərində TRT diktatorluğuna son qoyulub şəffaf seçimlər keçirilməsi üçün bir başlanğıç ola bilər.
Digər məsələ də budur ki Azərbaycan 12 xalını kimə verəcək?
Danılmaz faktdir ki, ESC siyasiləşmiş müsabiqədir və burda səslər daha çox bu prizmadan hesablanır. 2008-ci ildən ECS-ə qoşulan Azərbaycan həmişə yüksək xallarını bu ölkələr içərisində iki ən yaxın tərəfdaşına verib. Yəni 12 xal həmişə Türkiyəyə, 10 xal da həmişə Ukraynaya gedib. Yerdə qalan xallar isə sms-lərin sayına və münsiflərin zövqünə görə paylanılırdı. Bu il finalda Türkiyənin olmadığını nəzərə alsaq, böyük ehtimalla 12 xal Ukraynaya verəcəyikş Amma Azərbaycanın 12 xalı üçün Ukraynanın Mika Newtonu ilə yanaşı Birləşmiş Krallığın Blue və Gürcüstanın Eldrine qrupları da iddialıdır. Çox özümüzü yormayaq, təxminən 30 saatdan sonra hər şey bəlli olacaq.
Nəzərə alsaq ki, Türkiyə və Azərbaycan həmişə ilk onluqda olublar, məntiqi cəhətdən Türkiyəyə gələ biləcək səsləri Azərbaycan yönləndirə bilsək, bu ilki final bizim üçün uğurlu ola bilər. İTV-nin aparıcıları Leyla və Hüsniyənin verdiyi məlumata görə Eldar və Nigar final çıxışlarını Azərbaycanla yanaşı Türkiyəyə də həsr edəcəklər. Ona görə tək “Running Scared” yox, eləcə də “Live it up” sevərlərdən finalda böyük dəstək gözləyirik.
İnşaallah EUROVISION SONG CONTEST BAKU 2012 gerçək olar.
14 mayda Azərbaycan Respublikasından kənarda, Avropa hüdudlarında yaşayan dostlarınızı Azərbaycana səs verməyə dəvət edin. Vətənimizi birinci etmək öz əlimizdədir.











